ABADÇILAR / Angelina Abbasova

ABADçı:
Angelina Abbasova
Kodu:
120
Region:
Bakı

Bakı şəhər sakini Angelina Abbasova “ABAD”ın dəstək göstərdiyi keramika ustalarındandır. Əvvəllər uzaq səyahət gəmisində kapitan olan Angelina xanım səfər etdiyi şəhərlərdən birində ilk dəfə toxuculuq üçün alətlər alır.

Həmin vaxtdan etibarən gəmi kapitanı öz əsas peşəsi ilə yanaşı dekorativ-tətbiqi xalq sənətkarlığa diqqət ayırmağa başlayır.

“Lakin düşünürəm ki, sənətkarlığa olan həvəs mənim qanımdadır. Nənəm toxuculuqla məşğul olub. Ailəmizdə dekorativ-tətbiqi sənətkarlığa həmişə diqqət ayrılıb. 20 ildir ki, mən də toxuculuq, bijuteriya hazırlanması, son bir il ərzində isə keramika sənəti ilə məşğul oluram”.

Angelina xanım, bu sahədə olan yerli və dünya təcrübəsini öyrənib, keramika üçün tələb olunan zəruri avadanlıqları əldə edib.

Sənətkarın sözlərinə görə, o, öz ailə biznesini inkişaf etdirmək üçün bu sahəyə yeni-yeni adamları cəlb edib.

“Biz fiqurları hazırlayır, daha sonra onlara xüsusi rənglərlə müxtəlif görünüşlər veririk. Hazırlanan əl işlərinə mənim texnologiyamla hazırlanmış maddələr əlavə olunur ki, məhsullar tez sınmasınlar”.

Angelina xanım bildirir ki, o, keramika sahəsində Mərkəzi Asiya ölkələri, Almaniya, Macarıstan kimi dövlətlərdə yaşayan sənətkarlarla əməkdaşlıq edir.

Ailə biznesini daha da inkişafına nail olmaq və bu sahədə uğurlarını davam etdirmək üçün sənətkar “ABAD”a müraciət edib.

Keramikadan suvenirlərin hazırlanması işini yeni bir mərhələyə qaldırmağı qarşısına məqsəd qoyan Angelina Abbasova bu sahədə “ABAD”ın dəstəyinə ehtiyac duyur.

O, həmçinin hazırladığı əl işlərinin satış bazarının təşkili üçün “ABAD”ın xidmətlərindən istifadə edib və hazırda Angelina Abbasovanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.