"ABAD"çı: Tərlan Sadıqov | Kod: 143 | Region: Lənkəran

Lənkəran şəhərinin sakini Sadıqov Tərlan keramika sənəti ilə məşğuldur.

20 ildir özünü keramika sənətinə həsr edən Tərlan Sadıqov deyir ki, əvvəllər rəssamlığa meyl edib:

“Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra sənədlərimi İncəsənət Universitetinə verdim. Orada təhsil alarkən müəllimim məni keramika sənətinə yönəltdi. O zamandan bu günədək – artıq 20 ildir ki, mən keramikaçıyam”.

Konkret bir üslubda işləmədiyini qeyd edən Tərlan Sadıqov qarışıq obrazlara üstünlük verdiyini deyir.

“Məsələn, Azərbaycanın hər hansı regionunun bir məkanını təxəyyülümdə canlandırıb, onu məhsul üzərində əks etdirirəm. Bura suvenirlər, pannolar, stakanlar daxildir. Mənim əl işlərim müxtəlif sərgilərdə olub və böyük maraqla qarşılanıb”.

Dulusçuluq və keramika sənətinin fərqindən danışan sənətkar qeyd edir ki, dulusçuluq əslində keramikanın özəyidir:

“Lakin dulusçuluqda sən konkret məişət əşyasını hazırlayırsan, ancaq keramikada bu belə deyil. Keramikada daha çox dekorativ əşyalar hazırlanır və bu zaman müəllifin şəxsi təxəyyülü böyük rol oynayır”.

“ABAD”a müraciəti haqqında danışan sənətkar bildirib ki, publik hüquqi şəxsin dəstəyi sayəsində biznesini daha da inkişaf etdirmək və tanınmaq istəyir:

“Mən istəyirəm ki, təmsil etdiyim sənət sahəsi daha çox tanınsın. Bugünədək məhsullarımı sifariş əsasında hazırlamışam. İndi isə “ABAD”ın sayəsində satış bazarımı genişləndirməyi düşünürəm”.

 


Məhsullar
© 2017 “ABAD” publik hüquqi şəxs