ABADÇILAR / Nuridə Hüseynova

ABADçı:
Nuridə Hüseynova
Kodu:
159
Region:
Bakı

Bakı şəhər sakini Nuridə Hüseynova ixtisasca dizaynerdir.

O, dekorativ-tətbiqi sənətin bir neçə istiqamətində müxtəlif əl işləri hazırlayır.

“Mən milli gəlinciklər hazırlayıram. Bu suvenirlərin özü keramikadan hazırlanır, üzərinə isə paltar geyindirilir”, - deyə, sənətkar bildirir və qeyd edir ki, artıq 15 ildir ki, bu sahədə fəaliyyət göstərir.

“Bu sahəyə həvəsim daim böyük olub, təhsilimi də elə bu istiqamətdə almışam. Heykəltəraşlığa böyük marağım bu gün mənim keramik əsaslı gəlinciklərimi hazırlamaqda işimə çox dəstək olur”, - deyə, o, bildirib.

Nuridə Hüseynova həmçinin Azərbaycan memarlıq məktəbinə xas qədim binaları da keramika üzərində canlandırır:

“Mən daha çox Avropa və Şərq üslubunun sintezini yaratmağı sevirəm. Bu zaman gördüyüm binaları olduğu kimi gil üzərində təsvir etmirəm. Məsələn, İçərişəhərdə olan bir binanın təsvirini dərhal keramikaya köçürmürəm, əvvəlcə onun görünüşünü təxəyyülümdə formalaşdırır, sonra isə real görüntü və fantaziyamın sintezini yaradıram. Hazırladığım bütün məhsullar mənim müəllif işlərimdir”.

“ABAD”a müraciəti barədə danışan xanım sənətkar qeyd edir ki, indi onun üçün işləmək çox rahatdır:

“Satışın təşkili ilə bağlı dəstək işimi xeyli asanlaşdırıb. İndi məhsullarımı satmaq üçün bazar axtarmaq kimi bir çətinliyim yoxdur”.

Qeyd edək ki, Nuridə Hüseynovanın əl işləri ilə “ABAD” sərgi-satış mərkəzlərində tanış olmaq mümkündür.