ABADÇILAR / Şəmsi Şabanova

ABADçı:
Şəmsi Şabanova
Kodu:
204
Region:
Balakən

Balakən rayonu, Katex kəndinin sakini Şəmsi Şabanova maldarlıq təsərrüfatına rəhbərlik edən “ABAD”çı qadın sahibkarlardandır. O, 5 ildən artıqdır ki, rayonun Sarıbulaq, Qazbinə kəndlərində ətlik məqsədilə 400-dən artıq iribuynuzlu heyvan yetişdirir.

Şəmsi Şabanovanın sözlərinə görə, o, atasından sonra maldarlıq təsərrüfatına rəhbərliyə başlayıb.

“Əvvəllər yalnız ət satışı ilə məşğul olurduq. Lakin satış bazarımızı genişləndirmək və daha çox gəlir əldə etmək üçün dəstəyə ehtiyacımız var idi. Bu məqsədlə Balakən regional “ABAD” mərkəzinə müraciət etdim və kolbasa məhsullarının istehsalı üçün avadanlıqla bağlı dəstək istədim. Müraciətim müsbət cavablandırıldı. Ailəmizə ət məhsullarının emalı üçün monoblok-konteyner şəklində zəruri avadanlıqlar təqdim olunub”, - deyə, sahibkar qeyd edir.

“ABAD” tərəfindən ailə üçün “Bizim nemət” kolbasa brendi yaradılıb. “ABAD”ın dəstəyi ilə “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılmış “Bizim nemət” kolbasa məhsulları yüksək keyfiyyəti ilə fərqlənir.

Şəmsi xanımın sözlərinə görə, məhsulların hazırlanmasında yalnız təbii məmulatlardan istifadə olunur:

“Biz kolbasa məhsullarının istehsalı üçün təsərrüfatımızda yetişdirdiyimiz iribuynuzlu mal-qaranın ətindən istifadə edirik. İnanıram ki, “Bizim nemət” brendi ailəmizə məxsus olsa da, dadı və keyfiyyətinə görə hər bir alıcı üçün doğma ada çevriləcək”.