ABADÇILAR / Kamal Əliyev

ABADçı:
Kamal Əliyev
Kodu:
44
Region:
İsmayıllı

“ABAD”çı Kamal Əliyev Lahıc misgərlik məktəbinin görkəmli nümayəndələrindəndir.

Kamal Əliyevin sözlərinə görə, bu gün o, ailəsinin peşəsini fəxrlə davam etdirir:

“Mənim atam və babam misgər olub, elə mən də gözümü açandan ətrafımda misgərləri görmüşəm. 14 yaşımdam isə peşəkar fəaliyyətə başladım və artıq 10 ildir ki, misgər kimi çalışıram”.

Misgərliyin Əliyevlər üçün ailə sənəti olduğunu qeyd edən Kamal usta deyir ki, “biz bu sənəti davam etdirməsək, heç kim etməyəcək”:

“Mən gələcəkdə öz övladlarıma da misgərliyi öyrədəcəyəm ki, sənət unudulmasın, daim yaşasın. Lahıcda hamı əl əməyi ilə pul qazanır”.

Kamal Əliyev indiyədək hazırladığı əl işlərinin satışını mövsümi qaydada həyata keçirib:

“Mən daha çox dekoativ məhsullara üstünlük verirəm. Mis qabların üzərinə müxtəlif naxışlar vururam, araşdırma apararaq, qədim və milli əl işlərini yenidən canlandırıram. Əvvəllər məhsullarımızı əsasən yay aylarında, Lahıca gələn qonaqlara təqdim edirdik”.

Satışlarını mövsümi deyil, bütün il ərzində həyata keçirmək və ailə biznesini daha da genişləndirmək istəyi ilə sənətkar “ABAD”a müraciət edib.

“Əvvəllər daha çox böyük əşyalar hazırlayırdıq. Turistlər tərəfindən maraqla qarşılansa da, az alınırdı, çünki ağır olduğu üçün apara bilmirdilər. “ABAD” isə bizə kiçik əl işlərinin hazırlanması ilə bağlı çoxlu ideyalar verir. İndi satışlarımız daha da çoxalıb”.

Qeyd edək ki, sənətkar Kamal Əliyev əl işləri “ABAD” sərgi-satış mərkəzlərində təqdim olunur.