"ABAD"çı: Vüqar Rəsulzadə | Kod: 85 | Region: Şəki

Azərbaycan sənətkarlıq məktəbinin ən gözəl və seçilən sahələrindən biri də şəbəkə sənətidir. Bu sənət Azərbaycanın Şəki şəhərində xüsusilə çox inkişaf edib. Bu şəhərdə şəbəkə sənətinin bariz nümunəsi isə bu üslubda inşa olunmuş Şəki xan sarayıdır.

18-ci əsrdə inşa olunmuş xan sarayında o dövrün ustaları tərəfindən zərif naxışlar çəkilib, hazırlanmış şəbəkələr isə bu gün də göz oxşayır.

Şəkidə yaşayıb, babalarımızın ənənələrini yaşadan sənətkarlardan biri də “ABAD”ın üzvü Vüqar Rəsulzadədir.

Şəbəkə ustalarının nəslində dünyaya gələn Vüqar Rəsulzadə qeyd edir:

“Ailə emalatxanımızda baba və atamdan mənə təhvil verilən bu sənəti uğurla davam etdirərək, daim təkmilləşməyə çalışmışam”.

Qeyd edək ki, bu incə sənətin bütün sirrlərinə yiyələnən Vüqar Rəsulzadə bu gün təkcə Şəkidə deyil, həm də bütün respublikada tanınır.

O, bir çox sərgilərdə iştirak edib, hətta beynəlxalq səviyyəli sərgilərin laureantı adına layiq görülüb və diplomlarla təltif olunub.

Şəbəkə sənətinin inkişafına dəstək göstərmək üçün Vüqar Rəsulzadəni öz sıralarına cəlb etmiş “ABAD” ona satışın təşkili istiqamətində xidmətlər göstərib.

Hazırda şəkili sənətkarın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.

 


© 2017 “ABAD” publik hüquqi şəxs