"ABAD"çı: Rəşad Ağayev | Kod: 164 | Region: Salyan

“ABAD”çı Rəşad Ağayev ağac üzərində oyma sənəti ustasıdır. Salyan rayon Çadırlı sakini olan Rəşad fiziki məhdudiyyətlərinə baxmayaraq, uşaqlıqdan fəal şəkildə cəmiyyətə inteqrasiya olmağa, vaxtını səmərəli keçirtməyə çalışıb.

Elə bu həvəslə də o, Ramanıda Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə müraciət edib.

Mərkəzdə peşəkarlar tərəfindən dərs alan Rəşad qısa müddətdə ilin ən yaxşı tələbəsi adını qazanıb və sərbəst fəaliyyətə başlayaraq, daim öz üzərində çalışan mahir usta kimi tanınıb.

Rəşad Ağayevin çox sehrli sənət dünyası var. Sənətkar öz əsərlərində sanki duyğularını əks etdirməyə çalışır:

“Oyaraq taxta üzərində sənət əsəri yaratmaq mənə çox xoş gəlir, ürəyimi ovsunlayır, rahatlaşıram, işlərimə baxdıqca əhvalım yüksəlir. Hazırladığım suvenirlərin hamısı mənə doğmadır, amma buta üzərində musiqi alətləri: tar, kaman, qaval; Qız Qalası kimi tarixi abidələr suvenir şəklində rəğbətimi qazanıb, favoritlərimdir”.

Rəşad bəy yeniyetmə yaşlarından həyatdan gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyub.

Peşə Reabilitasiya Mərkəzində “ABAD” haqqında məlumat alan Rəşad layihəyə müraciət edib.

“Öz məhsullarımı təqdim edirəm, hər şey ilə təmin olunmuşam. “ABAD” fiziki məhdudiyyətli insanlar üçün böyük bir şansdır ki, evdə olaraq əl işləri hazırlayıb sataq və gəlir əldə edək”.

Hazırda Rəşad Ağayev öz əlinin zəhməti ilə dolanır. Özünün də qeyd etdiyi kimi, heç kəsə möhtac deyil. Sevdiyi sənətdən bir an belə olsa ayrılmır, yaradıcılığını inkişaf etdirmək üçün daim çalışır, axtarır, yeniliklərə can atır.

Qeyd edək ki, Rəşad Ağayevin əl işlərini “ABAD” sərgi-satış mərkəzlərindən əldə etmək mümkündür.


© 2018 “ABAD” publik hüquqi şəxs