"ABAD"çı: Sevinc Qasımova | Kod: 166 | Region: Bakı

O, həyatdakı ən xoşbəxt anlarını incəsənətlə məşğul olarkən yaşayır. Uşaq yaşlarından rəsm çəkməyi sevən Sevinc Qasımova bu sevgi ilə böyüyüb. İxtisasını da elə vurğunu olduğu işlə bağlayıb.

Əzim Əzimzadə adına incəsənət kollecini, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən sənətkar bununla kifayətlənməyərək, rəsm müəlliməliyi üzrə də ikinci ixtisas alıb:

“Sənətə olan bağlılığımı məktəbdə, dərnəklərdə uşaqlara da aşılayıram”.

Sevinc xanım bəxtəvər sənətkar olduğunu söyləyir:

“Əlimə fırça götürəndən bu günə qədər bir dəqiqə də həvəsdən düşməmişəm. Əvvəl yalnız rəsm çəkirdim. Lakin sənətkar həmişə axtarışda olmalıdır. Axtarışım məni ideyalarımı gerçəkləşdirmək üçün yeni vasitələr tapmağa yönəltdi. İndi taxta üzərində panolar, vitrajlar, maqnitlər hazırlayıram”.

Bundan başqa, ABADçımız keçədən, yəni döyülüb basmaqla hazırlanan sıx yun materialdan müxtəlif bəzək əşyaları düzəldir. Hətta keçə ilə rəsm əsərləri də çəkir.

“ABAD”a müraciətinin səbəbləri haqqında danışarkən, Sevinc xanım indi öz əl işlərinin daha çox tanınacağını və onlara yüksək dəyər veriləcəyini deyir:

“Məhsullarım tanınacaq, onları satmaq üçün bazar axtarmaq kimi bir məsələ önümdə durmayacaq və mənfəət gətirəcək. Bundan gözəl nə ola bilər ki?!”.

Qeyd edək ki, Sevinc Qasımovanın əl işləri ilə “ABAD” sənətkarlıq mərkəzlərində tanış olmaq mümkündür.


© 2017 “ABAD” publik hüquqi şəxs