"ABAD"çı: Dilşad Musayeva | Kod: 167 | Region: Bakı

“ABAD”ın dəstəklədiyi Dilşad Musayeva dekorativ-tətbiqi sənət ustasıdır. O, həm şüşə üzərində rəngkarlıq, həm atlas lentlərindən tikmələr hazırlayır, bədii tikmə üslubundan istifadə edir.

Dilşad Musayeva bədii tikmə ilə yanaşı, foamirandan, hətta soyuq farfordan müxtəlif saç, geyim aksessuarları düzəldir və bəzək əşyaları hazırlayır.

İxtisasca müəllimə olan Dilşad xanımın sözlərinə görə, bu gün dekorativ-tətbiqi sənəti ona sevdirən iki amil var, onlardan biri bu sahənin zənginliyi, digəri isə “ABAD”ın dəstəyidir.

“Əl işi yaradıb, onları ərsəyə gətirməyə həvəsim uşaqlıqdan var. Sadəcə əvvəllər materiallardan korluq çəkirdik, indi isə onların geniş çeşidinin olması bizim fantaziyamızı daha da qanadlandırır”.

“ABAD”a gəldikdə isə Dilşad Musayeva deyir ki, “ABAD” Azərbaycan sənətkarlarının güvənc yeridir:

“ABAD” sənətkarın həyatının hər bir tərəfini düşünüb, ona yaratmağa imkan verir. Mən sənətkaram, satıcı deyil. Öncə məhsullarımı ya hədiyyə edərdim, ya da sərgilərə paylayardım. İndi isə “ABAD”ın dəstəyi sayəsində sevdiyim iş mənə həm də gəlir gətirir”.

Ən çox gülləri təsvir etməyi sevən sənətkar-xanım öz işindən heç yorulmadığını deyir:

“Yaratmağı sevirəm, hətta yorğun gündən sonra gecələr bir ideya ağlıma batsa, onu mütləq şəkildə həyata keçirməliyəm, çünki sənətimin vurğunuyam. “ABAD”çı olmaq mənə qürur hissi verir, şadam ki, biz sənətkarlara dövlət səviyyəsində belə qiymət verilir”.


© 2018 “ABAD” publik hüquqi şəxs