"ABAD"çı: Şamil Unçiyev | Kod: 184 | Region: Zaqatala

Bakı şəhər sakini Şamil Unçiyev dəmirçilik sənəti ilə məşğuldur.

Şamil Unçiyevin sözlərinə görə, dəmirçilik və şəbəkə sənəti ənənəsi onun ailəsində uzun illərdir ki, yaşayır və yaşadılır.

“Mənim babam zərgər olub, gümüşdən müxtəlif silahlar, bəzək əşyaları hazırlayıb. Ondan sonra bu sənəti dayım davam etdirib. Elə mən də ondan öyrənmişəm”, - deyə, sənətkar bildirir.

26 ildir ki, bu sahədə çalışan sənətkar əl işlərini evində düzəltdiyi kiçik emalatxanada hazırlayır:

“Bu gün mən müxtəlif suvenir silahlar, bəzək əyşaları, sandıqçalar hazırlayıram. Əl işlərimdə şəbəkə üslubunda, bədii döymə texnikasından istifadə edirəm”.

Hər bir prosesə son dərəcə diqqətlə yanaşdığını xüsusilə vurğulayan sənətkarın sözlərinə görə, “ABAD” haqqında internetdən məlumat əldə edib və “ABAD”ın rəsmi veb-saytının köməyi ilə publik hüquqi şəxsə müraciət edib.

“ABAD” ilə əməkdaşlıq istəyi barədə danışan sənətkarın sözlərinə görə, onun satışın təşkili ilə bağlı dəstəyə ehtiyacı var:

“İstəyirəm ki, əl işlərimin satışının təşkilində “ABAD” mənə dəstək olsun, özüm alıcı axtarmayım, sifarişlərdən asılı olmayım. Mən bir müddət başqa sahədə çalışsam da, sonda yenidən ailəmizin illərdir ki, yaşatdığı bu sənətə qayıtdım. İnanıram ki, “ABAD”ın dəstəyi sayəsində əl işlərimin keyfiyyəti daha da yüksələcək, yeni bir səviyyəyə qədəm qoyacağam”.

Qeyd edək ki, Şamil Unçiyevin hazırladığı əl işləri, suvenir xəncərlər, bəzək əşyaları “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 


© 2017 “ABAD” publik hüquqi şəxs