"ABAD"çı: Şahin Əlipənahov | Kod: 3333 | Region: Bakı

Bakı şəhəri sakini Şahin Əlipənahov bədii metal üzrə peşakar mütəxəssisdir.

O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ-tətbiqi sənət fakültəsinin Bədii metal ixtisası üzrə bitirib. Magistratura və aspiranturanı da elə bu ixtisas üzrə davam edib. Rəssamlar İttifaqının üzvüdür. Hazırda Rəssamlıq Akademiyasında dərs deyir:

“Bədii metalın bir çox sahələri var: zərgərlik, dekorativ döymə, suvenirlərin hazırlanması, bəzək əşyaları və s. Ona görə biz deyirik ki, bədii metal bu ixtisaslardan ibarət olaraq bütün qeyd olunan sahələri özündə ehtiva edir. Bir çoxunun düşündüyü kimi, yalnız zərgərlikdən ibarət deyil. Mən də öz növbəmdə hamısının kompozisiyasını qura bildiyim üçün, dizayn verə bildiyim üçün yalnız zərgər deyil, məhz bədii metal üzrə rəssamam”.

Buna baxmayaraq, ABADçımızın dediyinə görə, onun sənətinin şahı Şəbəkə sənətidir:

“Şəbəkə sənəti bizə əsrlərdən gələn bir ənənədir, Azərbaycanın mədəni sərvətidir, yadigarıdır. Gül qolbaq, səbət sırğa, silsilə və s. bunlar da şəbəkənin əlifbasıdır. Mən hazırladığım və “ABAD”a təqdim etdiyim əl işlərim isə şəbəkənin “qanunlarını” pozmadan ona yenilik qataraq, əlavələrlə sintez yaradaraq tam fəqli bir məmulatlardır”.

“ABAD”a qoşulmağın üstün cəhətlərindən danışan Şahin müəllim, onu da qeyd edib ki, “ABAD” sənətkarı heç kəsdən gizlətmir:

“Əvəllər bir çox butikdən sifarişlər qəbul edirdim. Lakin adım heç yerdə yazılmırdı. Bu da məni bir sənətkar kimi məyus edirdi. “ABAD” da isə hər bir məmulatım üçün xüsusi sertifikast verilir, üzərində də adım, soyadım və saytda mənim haqqımda məlumat tapmaq üçün identifikasiya kodum qeyd olunur. Zənnimcə, bu gözəl bir təşəbbüsdür”.

ABADçı Şahin Əlipənahovun füsünkar əl işləri ilə yaxından tanış olmaq üçün “ABAD” etno-butiklərinə müraciət edə bilərsiniz.


© 2018 “ABAD” publik hüquqi şəxs