“ABAD” və Milli Turizm Təbliğat Bürosu Anlaşma Memorandumu imzaladılar

22.11.2017
“ABAD” və Milli Turizm Təbliğat Bürosu Anlaşma Memorandumu imzaladılar

22 noyabr 2017-ci il tarixində “ABAD” publik hüquqi şəxs ilə Milli Turizm Təbliğat Bürosu (MTTB) publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunu “ABAD”ın direktoru Rüfət Elçiyev və MTTB-nin direktoru Fuad Nağıyev imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycanın və Bakı şəhərinin tarixi mədəni zənginliyininin təbliğ edilməsi istiqamətində iki qurum arasında səyləri birləşdirmək, “ABAD” tərəfindən yaradılmış ailə brendlərinin xarici ölkələrdə tanıdılmasına dəstək göstərmək, ailə təsərrüfatlarının turizm sektoruna cəlb olunması istiqamətində birgə addımlar atmaq və turizm sahəsində yeni brendlərin formalaşdırılması işində birgə çalışmaqdır.

Sənədə əsasən, MTTB tərəfindən ölkə daxilində və ölkə xaricində təşkil olunacaq tədbirlərdə “ABAD”çı sənətkar ailələrinin əl işlərinin təqdim olunması və sənətkarların həmin tədbirlərdə iştirakı təmin olunacaq.

Bundan başqa, tərəflərə məxsus olan sərgi-satış mərkəzləri, turizm informasiya mərkəzləri, məlumatlandırma köşklərində hər iki qurum tərəfindən hazırlanan və məqsədi ölkənin özünəməxsus dəyərlərinin tərənnümü olan təbliğat materiallarının nümayişi və təqdimatı həyata keçiriləcək.


© 2017 “ABAD” publik hüquqi şəxs