SOCAR Azərbaycanda ailə biznesinə dəstək göstərəcək

SOCAR Azərbaycanda ailə biznesinə dəstək göstərəcək
21.10.2016

21 oktyabr 2016 –cı il Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzinin fəaliyətində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, əməkdaşlıq çərçivəsində “ABAD” mərkəzi tərəfindən həyata keçirilən layihələrə maddi-texniki dəstək, innovasiyaların tətbiqi və investisiyaların cəlb edilməsi istiqamətində SOCAR ilə qarşılıqlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İnam Kərimov eyni zamanda qeyd edib ki, Azərbaycanın iki milli brendi – SOCAR və “ASAN xidmət”-in əməkdaşlığı üçüncü milli brendin – “ABAD”-ın tezliklə təşəkkül tapmasına və inkişafına öz əvəzsiz tövhəsini verəcək.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, memorandumun imzalanması ilə SOCAR-ın neft və qaz sənayesində əldə etdiyi gəlirləri ölkənin qeyri-neft sektoruna və kiçik biznesin inkişafına yönəltmək niyyətində olduğunu bildirib. SOCAR prezidenti qeyd edib ki, “ABAD” mərkəzləri Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirəcək, ölkənin sosial-iqtisadi inkişafına mühüm dəyər qatacaq.