“ASAN Məktub – Yaz Düşərgəsi 2” layihəsi çərçivəsində “ABAD” publik hüquqi şəxsin sənətkarları tərəfindən düşərgədə iştirak edən uşaqlar üçün dulusçuluq və keramika sənəti üzrə ustad dərsləri təşkil olunub.
İnteraktiv formatda keçirilən ustad dərsində iştirakçılar gil ilə işləmə texnikaları ilə tanış olub, müxtəlif fiqurlar hazırlayaraq yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı əldə ediblər. Tədbir zamanı uşaqlara dulusçuluq sənətinin incəlikləri və milli sənətkarlıq ənənələri haqqında məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, IDEA İctimai Birliyi və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramının birgə təşkilatçılığı ilə 1–4 iyun tarixlərində Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində “ASAN Məktub – Yaz Düşərgəsi 2” layihəsi həyata keçirilir. Düşərgədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq evi sosial xidmət müəssisələrindən 8–14 yaş kateqoriyasında olan 50 nəfər uşaq iştirak edir.
Layihənin məqsədi uşaqların sosial, kommunikasiya və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, komanda işi və özünüifadə imkanlarının genişləndirilməsi, eləcə də onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilidir.