× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

Kiçik sahibkarların “ABAD”la əməkdaşlığına dair tədbir keçirilib

Dekabrın 26-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların “ABAD”la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının, eləcə də 200-dək kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın diversifikasiyası və rəqabətqabiliyyətliliyinin artırılmasında, yüksək əlavə dəyər yaradan ixraca yönələn məhsul istehsalının genişləndirilməsində, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın rolunu vurğulayıb. Tədbirdə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində stimullaşdırıcı mexanizmlərin tətbiqi, Sahibkar Qadınlar Assosiasiyasının və qadınlar üçün biznes-inkubatorların yaradılması, əl əməyi ilə məşğul olan kiçik sahibkarların bacarıqlarının artırılmasına yönəlmiş təşviqat tədbirlərinin və sərgilərinin keçirilməsinin, “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” publik hüquqi şəxsi tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edib: “Bu günə kimi ölkənin 17 regionundan olan 178 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərilmişdir. Bu dəstəklər davam edir və günü-gündən artır”. İnam Kərimov kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.   Sonra kiçik və orta sahibkarlıq subyektləri ilə onların biznes layihələrinin dəstəklənməsi məsələlərinə dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. Tədbirdə çıxış edən sahibkarlar belə tədbirlərin keçirilməsinin sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verdiyini vurğulayaraq, özəl bölmənin inkişafına yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.  Daha sonra tədbir sual-cavab hissəsi ilə davam etdirilib. 


“ABAD” vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək layihəsi imzalanıb

13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədinin imzalanma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, son illər Respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Və bu islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yeni qurum - “ASAN xidmət” təsis edildi. İnam Kərimovun sözlərinə görə, mərkəzlərin yaradılması ilə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoydu. Sədr onu da qeyd edib ki, Azərbaycan dövlətinin vətəndaşlarımızın həyatını asanlaşdırmağa yönəlmiş növbəti addımlardan biri də  “ABAD” mərkəzlərinin  yaradılması oldu. “Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD”-ın xüsusi yeri var. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır və Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir” - deyə İnam Kərimov əlavə edib. Daha sonra tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “ASAN xidmət”-in Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizədə və yaxşı idarəçilik baxımından effektli layihə olduğunu bildirdi. O, “ASAN xidmət” və “ABAD” publik hüquqi şəxsi ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Və bu işdə bütün tərəflərə uğurlar arzuladı. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nın rezident nümayəndəsi Qulam İshaqzai öz çıxışında ilk öncə yeni açılmış Quba “ASAN həyat” kompleksi münasibəti ilə ASAN ailəsini təbrik etdi. O qeyd etdi ki, Azərbaycanın brendi olan “ASAN xidmət” BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək mükafat və diplomla təltif olunub. Qulam İshaqzai bildirdi ki, layihənin məqsədi Balakəndə “ABAD” regional mərkəzə geniş dəstək verməklə Şəki-Zaqatala iqtisadi zonasında kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-nın rezident nümayəndəsi Qulam İshaqzai ““ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" əməkdaşlıq müqaviləsini imzalayıblar. 


Qubada “ABAD” Mərkəz və “ABAD” Məktəb açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər. Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də oldular. “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, Kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir. Sonra dövlətimizin başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxdı. Qeyd edildi ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Şamaxının Dəmirçi kəndində “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 167 “ABAD”çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur. “ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq. Məktəbin maddi-texniki təchizatı "Paşa Holdinq"in dəstəyi ilə təmin edilib.  Dövlətimizin başçısı cənab İlham Əliyev görüşdə çıxış zamanı "ABAD"ın fəaliyyətini də qeyd etdi: "Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir". Kompleksin əməkdaşı Fəxriyyə Balakişiyeva da çıxışı zamanı Qubada “ABAD" mərkəz və “ABAD məktəb”in açılışından danışdı: -Möhtərəm cənab Prezident. Hörmətli Mehriban xanım. Mən də öz adımdan Sizi salamlayıram. Bu gün Qubada istifadəyə verilən “ASAN xidmət”lə yanaşı, “Ailə Biznesinə Asan Dəstək” - “ABAD” mərkəzi də fəaliyyət göstərəcək. Bu, region sakinlərini hədsiz dərəcədə sevindirir. Çünki sakinlərimizin əksəriyyəti kənd təsərrüfatı ilə, sahibkarlıqla məşğuldur və onların dəstəyə ehtiyacı var. Artıq “ABAD” mərkəzinin regionumuza gəlməsi nəticəsində həmin şəxslərə dəstək veriləcək, onlar öz zəhmətlərinin qarşılığını görəcək və daha səylə çalışacaqlar. Eyni zamanda, Quba şəhərində ilk “ABAD məktəb” də fəaliyyətə başlayacaq. Regionumuzda Azərbaycanın adət-ənənələrini özündə əks etdirən və vaxt keçdikcə itməkdə olan kifayət qədər peşə sahələri var ki, məhz “ABAD məktəb”lər sayəsində həmin peşələr də təkrar inkişaf edəcək və iqtisadiyyatımıza töhfə verəcək. “ABAD məktəb”in yaradılması ilə məhz regionumuzun rifahı yüksələcək, vətəndaşlarımızın həyat səviyyəsi daha da yaxşılaşacaq. Sizin də vurğuladığınız kimi, artıq kiçik ailə biznesi ilə məşğul olan şəxslər də, kiçik və orta sahibkarlar da iqtisadiyyata, sosial inkişafa öz töhfələrini verəcəklər.


“ABAD”çı ailələrin məhsulları onlayn satışa çıxarıldı

01 noyabr 2017-ci il tarixindən etibarən “ABAD” publik hüquqi şəxsdən dəstək alan ailə təsərrüfatlarının məhsullarının onlayn satışına başlanılıb. İndi “ABAD” leybli və ailə brendləri altında təqdim olunan məhsulları www.abad.shop.az ünvanına daxil olaraq sifariş edə bilərsiniz. Onlayn satışların təşkilində məqsəd ailə təsərrüfatlarının hazırladıqları məhsulların daha geniş satışını təşkil etməkdir. Alıcılar bəyəndikləri məhsul növünü (həm əl işləri, həm də ərzaq məhsulları) seçərək, növbəti mərhələdə öz əlaqə məlumatlarını daxil etdikdən sonra məhsulu sifariş edə bilərlər. Məhsullara görə ödəniş nağdsız qaydada aparılır. Satışlardan əldə olunmuş vəsait birbaşa “ABAD”çı ailələrin bank hesablarına köçürülür. “ABAD”çı ailə təsərrüfatlarının məhsulları bütün gigiyena və uyğunluq göstəricilərinə tam cavab verir. Tərkibində heç bir konservantların olmadığı bu məhsullar həmçinin özünəməxsus və təbii dadı ilə fərqlənir. Hazırda “ABAD” tərəfindən Masallı və Balakən rayonlarından ailə təsərrüfatlarının cem və mürəbbə məhsulları təqdim olunur. Gələcəkdə məhsul çeşidlərinin genişləndirilməsi, ət və süd məhsullarının onlayn satışının təşkil edilməsi nəzərdə tutulur. Qeyd edək ki, www.abad.shop.az saytı vasitəsilə sifariş edilmiş məhsulların bütün Respublika üzrə çatdırılması həyata keçirilir. Azərbaycanda ailə təsərrüfatlarına asan dəstək konsepsiyasını həyata keçirən “ABAD” publik hüquqi şəxsi 23 sentyabr 2016-cı ildə yaradılıb. “ABAD” ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı olmaqla, iki prioritet istiqamət üzrə fəaliyyət göstərir.


ABADçı ailələrin məhsulları “Bravo” supermarketlər şəbəkəsində

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb. Belə ki, “ABAD”çı ailələrin məhsullarını “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketində və Xaqani 26/32 ünvanında (keçmiş “Tahir 97” mağazası) fəaliyyət göstərən “Bravo ekspress”dən əldə etmək mümkündür. Təqdim olunan cem və mürəbbə məhsulları Masallı və Balakən rayonundan olan “ABAD”çı ailə təsərrüfatları tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və dizayn altında təqdim olunur. İlkin mərhələdə satışa çıxarılmış mürəbbə brendləri aşağıdakılardır: “Balməkan”, “Dənə-dənə” , “Yay səbəti” , “Bağımızın bəhrəsi”, “Budaqdan”, “Bal kimi”, “Meyvə bağı”. Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatları tərəfindən təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, “Kəndli”, “Bizim nemət” brendləri altında kolbasa, “Şərəfə”, “Hənifə” brendləri altında pendir məhsulları satışa çıxarılacaq. “ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və tərkibində heç bir kimyəvi qatqı yoxdur. Bu məhsullar ailə təsərrüfatlarına “ABAD” tərəfindən təqdim olunmuş avadanlıqlardan istifadə etməklə hazırlanıb. Hər bir məhsul müvafiq qaydada yoxlamadan keçərək, uyğunluq və gigiyena sertifikatları alıb. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. “ABAD” pilot layihə olaraq, Masallı və Balakən rayonlarında fəaliyyət göstərir.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar