Masallı rayonunda “ASAN həyat” kompleksi açılıb
3 sentyabr 2016-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksində yaradılmış “ABAD” mərkəzi ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, yeni layihə olan “ABAD” - Ailə Biznesinə ASAN Dəstək layihəsi ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, innovativ üsullar tətbiq olunmaqla müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir.
“ABAD” mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq.