Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə infotur təşkil edildi
27.07.2023-cü il tarixdə Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə infotur təşkil edildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı, rayonun təhsil müəssisələrinin rəhbərləri, rayon sakinləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.Mərkəzin direktoru Aytən Həsənova bildirdi ki, 2018-2019-cu illərdə "PAŞA Holdinq"in dəstəyi ilə inşa edilən Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ("TİKA") tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin gələcək nəsillərə ötürülməsi, ümumbəşəri dəyərlərin təbliği, Azərbaycan gilinin dünyada tanıdılması və gənclər arasında məşğulluğun artırılmasıdır. Qeyd olundu ki, mərkəzdə keramika sənəti üzrə ustad dərsləri və təlimlər keçirilir. Mərkəzin müxtəlif profilli avadanlıqla təchiz edilməsi digər keramika sənətkarları və həvəskarları üçün məhsulların bişirilmə və s. proseslərini ərsəyə gəlməsinə dəstək verir.Hazırda Mərkəzdə rayon sakinləri daimi iş yeri ilə təmin edilib. Onlar tərəfindən hər ay yüzlərlə müxtəlif çeşidli məhsul istehsal edilərək satışa çıxarılır. Daha sonra direktor qonaqları mərkəzin fəaliyyəti ilə daha yaxından tanış etdi və sənətkarlıq nümunələrinin ərsəyə gəlməsində vacib olan mərhələləri əyani şəkildə izah etdi.