ABADçı: Səxavət Əkbərova | Region: Şəki | Bədii tikmə
Azərbaycanda sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur.
Bu gün Şəkidə təkəlduz sənətinin ənənələrini yaşadanlardan biri də “ABAD”ın dəstək göstərdiyi sənətkar Səxavət Əkbərovadır.
Təkəlduz sənəti Əkbərovlar ailəsinin həyatı ilə sıx bağlıdır. Onun babası Rza Tağızadə Şəkinin qədim təkəlduz ustalarından biri olub
Vaxtilə Şəkinin çox məşhur təkəlduz ustası Möhtərəm xanımın qızı olan Səxavət xanım bu gün gördüyü işlərdə babasından yadigar qalmış və ailənin rəmzinə çevrilmiş iynə və saxnaqdan istifadə edir.
Babanın yadigarı olan bu alətlər təkəlduz sənətinin sirləri ilə birlikdə nəsildən nəsilə ötürülür.
Başqa iynə ilə işləyəndə naxışların istədiyi kimi alınmadığını vurğulayan sənətkarımız, babasından yadigar qalmış bu alətləri göz bəbəyi kimi qoruduğunu bildirir.
Bu sənətə böyük marağının olduğunu deyən Səxavət xanım, təkəlduzun həyatının bir hissəsinə çevrildiyini qeyd edir.
Səxavət xanım bu sənətin ona babasından, anasından keçdiyini bildirir:
“Mən də çalışıram ki, bu sənəti gənclərə öyrədim. Əsas məqsədim bədii tikmə sənətini unudulmağa qoymamaqdır. Ulularımızdan miras qalan bu sənəti yaşatmalıyıq ki, itib-batmasın, başqaları ona sahib çıxmasın”.
Hazırda Səxavət xanımın zərif əl işləri bu gün “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.