Gəncə
Gəncə — Azərbaycan Respublikasının sahəsinə görə Bakıdan sonra ikinci böyük şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncə çayın hər iki sahilində yerləşir. Gəncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə paytaxt şəhər olmuşdur. Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir. Gəncənin populyar turist məkanlarından Nizami məqbərəsi, Gəncə qapıları, Şah Abbas məscidi, İmamzadə türbəsi, "Butulka" ev, Heydər Əliyev parkı, Göygöl Milli Parkı və Cavad xan türbəsini qeyd etmək olar.