Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxs yaradılmasının 4 illiyini qeyd edir.
Bu münasibətlə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD” əməkdaşları ilə videokonfrans formatında görüşüblər.
Ülvi Mehdiyev əməkdaşları bu əlamətdar hadisə münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzu edib.
Sonra xidməti fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.
“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir.