14 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin və İsrailin ölkəmizdəki səfirliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Dövlət Agentliyinin şöbə müdiri Əbdül Əliyev və digər şəxslər iştirak ediblər.
Qonaqlara “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.
Həmçinin bildirilib ki, “ABAD” bu günədək 467 sahibkara xidmət göstərib və onlardan 419-u hazırda “ABAD”çı kimi fəaliyyət göstərir. ”ABAD” öz fəaliyyətində səmərəliliyi artırmaq məqsədi ilə mütəmadi olaraq beynəlxalq qurumlar ilə əməkdaşlıq edir.
Qonaqlara “ABAD”ın həyata keçirdiyi fəaliyyət, layihələr, həmçinin məhsullar barədə təqdimat edilib.
Səfir “ABAD”ın yalnız Azərbaycan üçün deyil, həmçinin dünya təcrübəsində də yeni və perspektivli bir model olduğunu vurğulayıb və fəaliyyətdə uğurlar arzulayıb. Əməkdaşlıq çərçivəsində “ABAD”ın İsrail Dövlətində müvafiq sərgi və tədbirlərində təmsil olunması,
Səfir, İsrail mütəxəsislərinin “ABAD”çılara təlim keçmək məsələsini nəzərdən keçirəcəklərini diqqətə çatdırıb.
İsrail tərəfi mikro, kiçik və orta sahibkarlığa dəstək baxımından “ABAD” tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.
Sonda səfirlik əməkdaşlarına “ABAD” məhsulları hədiyyə olunub.