Dekabrın 1-də “ABAD” publik hüquqi şəxs Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşəbbüsü ilə təşkil edilən vebinarda təmsil olunub. Vebinar “Azərbaycanda bərpa prosesinin dəstəklənməsi, KOB-un inkişafı və rəqəmsallaşdırılmasının təşviqi” mövzusunda keçirilib.
Bu vebinar Azərbaycanın dövlət strukturlarından olan nümayəndələrin Azərbaycanda, o cümlədən Covid-19 böhranı kontekstində KOB-un inkişafını təşviq etmək məqsədilə öz təcrübələrini bölüşməsi və fikir mübadiləsi aparması üçün platforma yaradıb. İştirakçılar Covid-19 böhranının KOB-lara təsirini və hökumətin bu böhranın təsərrüfat subyektlərinə göstərdiyi mənfi təsirləri azaltmaq üçün hansı tədbirləri görə biləcəyini müzakirə edib, KOB-ın rəqəmsallaşdırılması məsələsinə xüsusi diqqət yetiriblər.
Vebinarda "ABAD"ı qurumun Marketinq, Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin müdiri Ləman Əhmədova təmsil edib.
Öz çıxışında L.Əhmədova Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan qurumlar və xüsusən “ABAD” modelinin rəqəmsallaşmaya transformasiyası barədə təqdimat keçirib.