Avropa İttifaqı, ABAD və BMTİP regionlarda kiçik ailə təsərrüfatlarının inkişafı istiqamətində dəstək göstərməyə davam edir
19.04.2021"ABAD" publik hüquqi şəxs və BMT-nin
İnkişaf Proqramının nümayəndələri ilə Azərbaycanın Şəki və Balakən
regionlarında fəaliyyət göstərən kiçik
ailə təsərrüfat sahibləri arasında görüşlər baş tutub.
Görüşlər, Avropa İttifaqının maliyyələşdirdiyi,
BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və "ABAD" publik hüquqi şəxslə
birgə həyata keçirdiyi “Balakən "ABAD" regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək”
layihəsi çərçivəsində təşkil edilib.
Görüşlərdə layihə çərçivəsində kiçik bizneslərini
inkişaf etdirməyə nail olan ailələr tərəfindən istehsal prosesinin gedişatı barədə
məlumat verilib, məhsullar və satışlar barədə müzakirələr aparılıb.
Layihə, seçilmiş ailələr üçün müvafiq
avadanlıqların satınalınmasına dəstək olub, təcrübəli texnoloqlar "ABAD" ailələrinə
avadanlıqlardan istifadə, eləcə də biznesin inkişafı üzrə müvafiq təlimlər
keçib. Ötən aylar ərzində ailələr ağartı məhsulları, quru meyvə, kompot
istehsalı, qovaq göbələyinin yetişdirilməsi, toyuq və qırqovul çoxaldılması,
taxta oyma, xalçaçılıq, keramika və rəssamlıq kimi müxtəlif sahələrə məxsus; eləcə
də təhlükəsizlik, sanitariya və gigiyena normaları, məhsulun saxlanılması,
qablaşdırma və daşınmaya hazırlanması üzrə təlimlərdə iştirak edib.
Hazırda ailələrin kompot, xurma qurusu,
fındıq və qoz yağı kimi, həmçinin kiçik ölçülü xalça və suvenir məhsulları "Bolmart", "Grandmart" və "ABAD" etno-butiklərində satışa təqdim olunur.
Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və
Zaqatalanı əhatə edən bu layihə şərçivəsində 44 seçilmiş ailədən 23-ü
qadınların, 12-si isə məcburi köçkün ailələrinin rəhbərlik etdiyi ailə biznesləridir.
Layihənin əsas məqsədi, kənd yerlərində kiçik
və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, həmçinin
rəqabətqabiliyyətli ailə təsərrüfatlarının fəaliyyətlərinə dəstək olmaqdır.