Şəki şəhəri Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib.
Seçim zamanı Cənubi Qafqazda ilk Keramika Mərkəzi - “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması və Beynəlxalq Keramika Simpoziumunun da bu mərkəz vasitəsi ilə keçirilməsi böyük rol oynayıb.
Qeyd edək ki, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şəkiyə səfərləri çərçivəsində baş tutub. Mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub. Mərkəz müasir avadanlıqla təchiz edilib.
Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Qeyd edək ki, 128 gil növü var və onun 98-i Azərbaycanda rast gəlir. Şəki torpağı da həmçinin gil ilə zəngindir və burada aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb.
Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.