“ABAD” publik hüquqi şəxs “Azərbaycan gəncləri arasında
ekosahibkarlığın inkişafının təşviqi” layihəsinə qoşulub. Layihə IDEA İctimai
Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı altında həyata keçirilir. Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatlarının
yaradılmasına istiqamətlənib.
Təşviqin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların
ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi
Azərbaycanın bölgələrində yayılmasını təbliğ etmək, təbii bal istehsalının təmin
olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının
yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Layihə çərçivəsində arıçılıq təsərrüfatına xüsusi maraq göstərən
20 gənc, arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə
bağlı iki həftəlik nəzəri və praktiki təlimlərə cəlb olunub. Təlimdə iştirak edən
gənclərin arıçılıq təsərrüfatı üçün lazım olan resurs və ləvazimatlarla tam təchiz
olunması, istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şəraitin
yaradılması nəzərdə tutulub.
Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin
sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatlar mütəxəssislər tərəfindən
monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı
şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara
“ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə
etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.