Etno-butiklərimizin
ilki və ən genişi olan İçərişəhər “ABAD” butiki yenilənmiş
interyeri ilə Sizləri salamlayır. Burada aparılmış təmir-bərpa işlərindən sonra
əsas giriş yenidən ziyarətçilərin üzünə açıq, daxili dizayn isə daha geniş və işıqlıdır.
Bərpa zamanı qədim hamamın divarlarının ilkin görkəmi üzə çıxıb və bunun ziyarətçilərin marağına səbəb olacağı
gözlənilir. Qonaqlar gözəl hədiyyə əldə etməklə bərabər,
tarixi abidə ilə də daha yaxından tanış ola biləcəklər.
Qeyd edək ki, “ABAD”
İçərişəhər butiki Hacı Bani və ya Hacı Qayıb hamamı —
İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə — hamamda yerləşir. Hamam uzun
əsrlər boyu torpaq altında qalmışdır. Orta əsrlərə aid olan hamam 1964-cü
ildə bu ərazizidə arxeoloji-təqdiqat işləri aparılarkən aşkar olunub.
Hamam XV əsrin
sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani
olub. Buna görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani
hamamı deyirlər.
Aşkarlandıqdan sonra yenə də uzun illər zamanı qapalı olan hamam “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən istismar üçün "ABAD" publik hüquqi şəxsə təqdim edildikdən sonra, SOCAR və TİKA-nın birgə dəstəyi ilə təmir olunmuş və 2017-ci il martın 18-də “ABAD” etno-butikinin burada fəaliyyətə başlaması ilə yenidən gündəmə qayıdıb.
Butikdə Azərbaycan mədəniyyətinə xas
olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 378 “ABAD”çının əl
işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək,
dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki,
burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans
servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik
məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz.
Qeyd edək ki, bu mərkəzlə birgə
paytaxtda 5, regionlarda isə 4 etno-butik fəaliyyət göstərir:
- “ABAD” etno-butiki İçərişəhər
filialı;
- “ABAD” etno-butiki “Fairmont” filialı;
- “ABAD” etno-butiki Bakı Dəmiryolu Vağzalı;
- “ABAD” etno-butiki
“Duty Free” filialı;
- “ABAD” etno-butiki 3
saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;
- “ABAD” etno-butiki
Dəmirçi kəndi filialı;
- “ABAD” etno-butiki
Qəbələ filialı;
- “ABAD” etno-butiki
Şəki filialı;
- “ABAD” etno-butiki Masallı filialı.