“ABAD" PHŞ və AQTA-nın birgə layihəsi olan “Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi” layihəsinin ikinci mərhələsinə start verilib.
İkinci mərhələ “ABAD”çıların seçimindən ibarətdir. Beləliklə, Qarabağ İqtisadi rayonu (xüsusilə Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs "ABAD"ın rəsmi saytında yaradılmış ABADçı ol funksiyası vasitəsilə müraciət edə bilər. Qeyd edək ki, bu layihə ilə bağlı müraciətlər 2021-ci ilin avqustun 31-dək qəbul edilir.
Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə “ABAD”çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstəriləcəkdir. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.
Xatırladaq ki, heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək.Məntəqəzoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.