ABADçı: Vüqar Xudaverdiyev | Region: Bakı | Zərgərlik
Dekorativ-tətbiqi sənətkarlığa olan həvəsindən danışan Vüqar Xudaverdiyev deyir ki, ailə üzvləri uzun zaman dəmirçilik sənəti ilə məşğul olublar.
“Mən özüm isə zərgərliyə, metal üzərində bədii döymə sənətinə həvəsli idim. Ona görə də, bu sənəti əsas peşə kimi seçmək qərarına gəldim”, - deyə, Vüqar Xudaverdiyev danışır.
Hazırladığı məhsullar haqqında danışan sənətkar deyir ki, o, klassik milli üslubda, yəni şəbəkə üslubunda əl işləri hazırlamağa üstünlük verir:
“Bundan başqa, bədii döymə üslubunda işlər də hazırlayıram. Azərbaycan Rəssamlıq Akademiyasında təhsil almağa başlayandan sonra avanqard üslubda işləməyi öyrəndim, və bir müddət sonra öz işlərimi milli və avanqard üslubda hazırlamağa başladım. Hər dəfə belə sintez apararaq, yeni bir iş təqdim edirdim”.
Milli Tarix Muzeyinin yaxınlığında emalatxanası olan sənətkar bu gün müxtəlif bəzək əşyaları və suvenirlər – stolüstü qələm qabıları, fərqli musiqi alətləri, etno-modern elementlər, yəni folklorla modernizmin vəhdətindən yaranan əl işləri hazırlayır.
Vüqar Xudaverdiyevin sözlərinə görə, o, bu sənəti gəlir götürmək, qazanc əldə etmək üçün yox, öz sözünü demək, fikirlərini, daxili dünyasını materiallaşdırmaq üçün seçib.
Ustadı haqqında danışan Vüqar Xudaverdiyev deyir ki, metal üzərində bədii döymə sənətini Maştağa qəsəbəsində yaşayan yaşlı sənətkarlardan öyrənib:
“Bu sənəti yaşlı nəsildən öyrənmişəm. Maştağa qəsəbəsində qədim üslubda işləyən ustalar var idi. Əvvəlcə şəbəkə texnikasını onlardan öyrəndim. Sonralar zərgərlik üzrə texniki dərslər aldım, illər ötdükcə, bu sahənin peşəkarına çevrildim”.
Vüqar Xudaverdiyev deyir ki, hazırladığı əl işlərini əsasən xüsusi qalereyalar, sosial şəbəkələr vasitəsilə satışa çıxarıb.
Onun “ABAD”a müraciət etməsində məqsədi də məhz satış bazarının genişləndirilməsi ilə bağlı dəstək almaqdır.
Publik hüquqi şəxsə müraciəti müsbət qiymətləndirilən sənətkarın əl işləri bu gün “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.
Milli və modern üslubun, qədim Şərq və müasir Qərbin vəhdətini yaradan bu əl işləri öz füsunkar gözəlliyi ilə heç kimi biganə qoymayacaq.