ABADçı: Çingiz Məmmədov | Region: Bakı | Dülgərlik
Onun bu sənətə marağı uşaq vaxtlarından oyanıb. Hətta peşə seçimində də bu sənətin böyük rolu olub. Belə ki, Ç.Məmmədov texniki peşə məktəbində dülgərlik ixtisasını bitirib. O gündən bəri də elə dülgər kimi fəaliyyət göstərməyə başlayıb:
“1986-cı ildən bəri elə gün olmayıb ki, taxta əlimdən əskik olsun. Oymaçılıq mənim ən sevimli məşğuliyyətimdir. Hər gün bir şeylər yaradıram, əl əməyi mənim üçün inanılmaz dərəcədə dəyərlidir. Ən sevdiyim iş isə xırda fıqurlar hazırlamaqdır”.
Yarım ildir ki, Çingiz Məmmədov “ABAD” ailəsinə qoşulub. Sənətkarın sözlərinə görə, “ABAD” onun həyatında yeni pencərə açıb:
“Mənim bu yaşımda sevdiyim məşğuliyyətimdən gəlir əldə etmək üçün, öz işimin keyfiyyətini artırmaq, sənətimin inkişafı üçün “ABAD” bir yol açdı”.
Gələcək planlarından söhbət açan Ç.Məmmədov onu da qeyd edib ki, taxta oyuncaq, gəlincik istehsal edən fabrik açmaq arzusundadır:
“Artıq sənətimin əhatəsi genişlənib, tanınıram. Arzumu reallaşdırmaq üçün tələbələr axtarışındayam. Tələbələrimlə birgə və “ABAD”ın köməkliyi ilə fabrikim işə başlayacaq”.
Qeyd edək ki, Çingiz Məmmədovun taxtadan suvenirləri “ABAD” satış mərkəzlərində təqdim olunur.