ABADçı: Nərmin Abbasova | Region: Bakı | Aksesuar
“ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində dəstəklədiyi sənətkarlardan biri də Nərmin Abbasovadır. İxtisasca maliyyəçi olan bu gənc xanım müxtəlif bijuteriyalar, bəzək əşyaları və təbii daşlardan olan aksesuarların hazırlanmasında mahir ustadır. Dekorativ-tətbiqi xalq sənətkarlığına daim maraq göstərən Nərmin xanım qeyd edir:
“Uşaqlıqda mənim ən sevimli oyuncaqlarım muncuqlar, təbii daşlar olub. O vaxtlar elə onlardan özümə, bacıma qolbaqlar, saç aksesuarları hazırlayardım. Vaxtımı səbrlə muncuqların simləməsi prosesinə sərf edirdim”.
Nərmin xanımın dediyinə görə, yetkinlik yaşından etibarən anası, qızının fikrinin təhsilə yönəlməsi üçün onun bu özfəaliyyətinə qadağa qoyaraq illərlə bu sahədən uzaq tutub: “Öz nişanım üçün xonçaları, masanı şəxsən bəzətmək fikrinə düşməyim ilə yenə o aləmə qayıtdım və içimdə bir nur parlamağa başladı. Yenə otağım muncuq və daşlarla doldu”.
Nərmin xanım sevimli məşğuliyyətinə yenidən döndü, lakin bu dəfə işinə artıq bir peşə kimi yanaşdı. Yeni iş üsulları aşkar etdi, təlimlər ilə özünü inkişaf etdirib, əl işləri yarmarkalarında bir çox əlaqələr qurdu:
“İşimdə ikinci ən böyük addım epoksid qətran vasitəsilə bəzək əşyaları hazırlama metodunu tam öyrənməyimlə baş tutdu. Bu texnikaya zənnimcə heç kəs biganə qala bilməz. Özəlliyi ondadır ki, son məhsulun nə cür olacağını yalnız ən sonda seyr edə bilirsən. İdentik məhsul heç vaxt alınmır. Hamısı eksklüzivdir. Bu da onları təkrərolunmaz hədiyyə edir. Epoksidi güllərin, ləçəklərin üzərinə tökürəm”.
N.Abbasova “ABAD”a gəlişini əl işlərini daha böyük publikaya təqdim etmək arzusu ilə əlaqələndirir. ABADçımızın xüsusən də qətrandan hazırlanmış bəzək əşyaları artıq tanınır, sevilir, onlara dəyər verilir: “Mən də öz növbəmdə yeni-yeni ideyaları, texnikaları öyrənmək istiqamətində addımlar atıram. Dayanmağa da fikrim yoxdur”.
Nərmin Abbasovanın təkrarolunmaz bəzək əşyalarını “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.