ABADçı: Fəxriyyə İbrahimova | Region: Bakı | Aksesuar
Müasir təsbehlərin yaranma tarixi
eramızdan əvvəl II əsrə söykənir. O zaman din xadimlərinin əksəriyyəti
savadsızlığı ilə seçilirdi və sayı bilmirdi. Duaları müəyyən say qədər oxumaq
üçün onlara düyün edə biləcək iplər və yaxud dəri parçalar verilirdi. Bu
məqsədlə sıralana biləcək digər müxtəlif təbii materiallardan da istifadə
edilirdi: balıqqulağı, toxumlar, meyvə çəyirdəyi və s. İndiki zamanda təsbehlər
əsasən muncuqdan, həmçinin şüşədən, təbii daşlardan, taxtadan hazırlanır və bir
çox insanın maraq dairəsindədir.
Fəxriyyə İbrahimova təsbeh hazırlamaqda mahirdir. O, 8 ildən artıqdır
ki, məhz bu işlə məşğuldur:
“Uşaqlıqdan rəsm çəkməyə, ümumiyyətlə incəsənətə böyük marağım olub.
Xırda işlərdən başladım: muncuqlardan bəzək əşyaları düzəldirdim, mücrülər
bəzəyirdim, şüşə qablarının üzərində rəsm çəkirdim, qətranla cürbəcür
aksessuarlar hazırlayırdım. Daha sonra heykəltəraşlığın incəlik və sirlərinə də
yiyələndim. Lakin zövqümü oxşayan məhz təsbehlərin hazırlanmasıdır.
Təsbehlərimi təbii materiallardan hazırlayıram. Düşünürəm ki məhsullarımın
özünəməxsus enerjisi var və bu insanı sakitləşdirir, gücünü artırır”.
Fəxriyyə xanımın dediyinə görə, “ABAD”a qoşulduqdan sonra onun öz şəxsi
səhifəsində belə müraciətlər və müvafiq olaraq satışları artıb:
““ABAD”dan mənim işlərimi daha çox xarici qonaqlar əldə edir,
şəxsi onlayn səhifəm üzərindən alıcılar arasında isə yerli əhali üstünlük
təşkil edir. Beləliklə də, alıcılarımın sayı günü-gündən artır”.
Qeyd edək ki, Fəxriyyə İbrahimovanın əlvan əl işləri “ABAD”
etno-butiklərində təqdim olunur.