ABADçı: Elçin Həsənov | Region: Bakı | Dondurulmuş yarımfabrikat
“ABAD” adı ilə un məmulatı, dondurulmuş yarımfabrikat məhsul istehsalçılarından biri də Həsənovlar ailəsidir. Ailə şəxsi kiçik müəssisəsində düşbərə, xəngəl, gürzə, pelmeni, vareniki və s. kimi məhsullar hazırlayır. Ailə başçısı Elçin Həsənov bu işlə artıq 3 ildir ki məşğul olduğunu bildirir:
“Mən və yoldaşım Xalidə Həsənova 15 ildən artıq müddətdə bank sektorunda, son illərdə hətta rəhbərlik vəzifələrində çalışmışıq. Hər zaman işdən evə gec döndükdə özümüz üçün tez hazırlanacaq yeməyin nə olacağı sualı üzərində düşünülürdü. Yarımfabrikat ideyası da elə ondan yarandı. Yəni ki öz ehtiyaclarımıza görə bu qərara gəldik. Əlbəttə ki ilk vaxtlarda sadəcə böyük ailəmiz üçün hazırlayırdıq, lakin sonra bu işi biznes ideyası kimi istifadə etmək istədik. Məhz bundan sonra öz işlərimizi tərk edərək, tam olaraq mikro istehsalçı kimi fəaliyyət göstərməyə başladıq.
Ailə başçısının bildirdiyinə görə onlar daha çox yarımfabrikat məhsulları satmır, eyni zamanda insanların vaxtlarına qənaət etməsinə səbəb olur. Çünki vaxtlarının böyük hissəsini işdə keçirən insanlar xəmir yoğurmaq, əti parçalamaq və s. kimi proseslərə zaman sərf etmək əvəzinə hazır yarımfabrikat məhsullarını əldə edərək tez bir vaxtda yemək hazırlaya bilirlər. Nəticədə də geri qalan zamanlarını ailələri, sevdikləri üçün ayırırlar.
“Əminliklə deyə bilərik ki, bazarda standartlara cavab verən və yüksək keyfiyyətli məhsulumuza bənzər bir məhsul yoxdur. Hər gün bazarda qida məhsulları fırıldaqçılığı ilə bağlı məqalələr, xəbərlər oxuyuruq. Nişastadadan süd, xəstə və yaşlı heyvanların ətindən olan kolbasa və s. hazırlanır. Artıq 3 ildir ki, etiketdə göstərilən tərkibə uyğun məhsullar istehsal edirik. Əgər dana əti qeyd olunursa, sadəcə ondan istifadə olunur. Məhsulda kartof varsa, o zaman yalnız yerli və uşaqların yeməsinə icazə verilən nitrat səviyyəsində olur. Kəsmik, pendir, və s. kimi süd məhsullarından istifadə edildiyi zaman bazarda sarsılmaz nüfuza sahib olan, keyfiyyətinə inandığımız yerli istehsalçıların məhsulları seçilir.
“ABAD”la ilk tanışlığını xatırlayan E.Həsənov bu görüşün 2019-cu ilin may ayında Baku Expo Centre-də keçirilən Qida Sənayesi Sərgisi “World Food 2019”da baş tutduğunu söyləyir:
“Sərgidə “ABAD”ın böyük stendi ilə tanış olduq. O zaman bizə qurumun fəaliyyəti haqqında da məlumat verilidi. Gördük ki, bizim təsərrüfat tam “ABAD”ın missiyasına uyğun bir profildədir. Məhz o görüş bizim uğurlu əməkdaşlığımıza start verdi.
Ailə gələcəkdə məhsullar xəttini, çeşidini böyütməyi fikirləşir: “Yaxın vaxtlarda alıcılarımızı yeni və eksklüziv olan bir neçə məhsul ilə sevindirməyi planlaşdırırıq”.
Qeyd edək ki, Həsənovlar ailəsinin dondurulmuş yarımfabrikat məhsullarını “Bravo” marketlər şəbəkəsindən əldə edə bilərsiniz.