ABADçı: Elşən Əliyev | Region: Bakı | Dondurulmuş yarımfabrikat
Bizim milli mətbəx ölkə xaricində belə tanınır
və sevilir. Mətbəximizə aid təamları
daha əlçatan etmək üçün isə zamanın tələbinə uyğunlaşmaq, onları müasir və
rahat qablaşdırmada təqdim etmək şərtdir.
Milli mətbəximizin incilərindən sayılan ləvəngi
günümüzdə ən sevilən təamlardan biridir. “Ləvəngi” talış dilində "içi
doldurulmuş" deməkdir. Bu sözün digər mənası isə qoz, soğan və lavaşanadan
(alça turşusu) ibarət qiymədir. ”ABAD”çı Elşən Əliyev “Hazıra Nazir” brendi
altında elə ləvəngi içliyinin istehsalı ilə məşğuldur:
“Mən 1986-cı ildə Lerik rayonunda anadan
olmuşam. Ticarətin iqtisadiyyatı və idarə olunması ixtisası üzrə ali təhsil
almışam. 10 ildən çox müddətdə, müxtəlif şirkətlərdə satış meneceri kimi təcrübə
topladıqdan sonra hazırda direktoru olduğum “Hazıra Nazir” şirkətini qurdum.
Adımızdan bəlli olduğu kimi niyyətimiz istehlakçıların yemək, ələlxüsusus da ləvəngi
bişirmək prosesini asanlaşdırmaqdır. Məşhur “Arşın mal alan” filmindən olan
fikri parafraz etsək, bir “Hazıra Nazir” bankası, bir toyuq və 5 manat pul. Vəssalam,
şüttamam!”.
Elşən Əliyevin dediyinə görə, “Hazıra
Nazir” şirkəti bir ildir ki fəaliyyətdədir. İlk olaraq sosial şəbəkələr vasitəsi
ilə müştərilərə online sifarişlər əsasında çatdırma həyata keçirməyə
başlayıblar. Getdikcə artan sifarişlər məhsulun marketlərə çıxışı zərurətini
yaradıb:
“Bu istiqamətdə iş və araşdırma apararkən
“ABAD” haqda öyrəndik. Məlum oldu ki, “ABAD” yerli sahibkarlara dəstək olur, şərait
yaradır. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün “ABAD”la əməkdaşlığın verəcəyi
təkanla daha geniş kütləyə çata biləcəyimizi
hesaba alaraq əməkdaşlıq üçün müraciət etdik. Bir sıra görüşlərdən sonra, bu əməkdaşlığın
hər iki tərəf üçün faydalı olacağı qənaətinə gəldik və münasibətləri rəsmiləşdirdik”.
“Hazıra Nazir” şirkətinin əsas məqsədi
xüsusilə hazırlanması çətin olan və vaxt tələb edən ləvəngi içliyini sərfəli və
əlçatan etməkdir. İçliyin hazırlanma prosesi hamıya məlum olsa da, əsl ləvəngi
dadını almaq çətindir. Bunu nəzərə alaraq, xanımların heç bir əziyyət çəkmədən
dadlı, hazır ləvəngi əldə etməsini asanlaşdırdıq. Biz qida təhlükəsizliyi
qaydalarına riayət etməklə, yalnız yerli məhsullardan istifadə etməklə tam
steril, gigiyenik və 100 faiz təbii məhsul istehsal edirik”.