ABADçı: Şaiq Ağayev | Region: Xaçmaz | Misgərlik və Döymə
Xaçmaz rayonunda anadan olan Şaiq Ağayev Azərbaycan İncəsənət Universitetinin Estrada aktyoru fakültəsinin məzunudur. Hazırda televiziya aparıcısı vəzifəsində çalışır. Buna baxmayaraq dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsinə də böyük marağı var. O metal üzərində bədii döymə sənəti üzrə fəaliyyət göstərir:
“Bu sənəti əmimdən, yeri gəlmişkən artıq “əməkdar” ABADçı olan Zeydulla Ağayevdən öyrənmişəm. Uşaqlıq illərimiz onun metalı döymə səsi sədasında keçib. Təbii ki mən də uşaqlıqdan hər şeyə maraq göstərən olduğuma görə, əmimdən o sənəti öyrənməməyi özüm üçün günah hesab edərdim”.
Beləliklə gənc Şaiq Ağayev metal üzərində bədii döymə və misgərçilik sənətinin sirlərinə yiyələnib. Lakin ABADçımızın dediyinə görə, o zamanlarda mis tapmaq çox çətin idi və buna görə də öz sınaqlarını dəmir üzərində edərdi ki, o da zamanla paslanmağa məruz qalırdı. Lakin hazırda xammalı tapmaq kimi bir maneələr olmadığına görə işləri daha da püxtələşib:
“Sözün düzü Bakıya köçdükdən və televiziyada işə başladıqdan sonra döymə sənəti arxa plana keçdi. Bu sənətin mənə gəlir qazandıracağını heç düşünmürdüm. Əmimin “ABAD”la uğurlu iş birliyini eşidəndən sonra mən də yenidən onun yolu ilə getmək qərarını verdim. Satışın olacağını inandıqda həm xammalı rahat satın alıram, həm də daha da gözəl suvenirlər hazırlamağa can atıram”.
Qeyd edək ki, Şaiq Ağayevin əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.