ABADçı: Mahirə Xəlilova | Region: Bakı | Dulusçuluq və Keramika
“1984-cü ildə Rusiyada həyat yoldaşımla birgə keramika ixtisası üzrə təhsil almışıq. Azərbaycan müstəqillik qazandıqdan sonra biz Bakıya qayıtdıq. Neçə illər arzuladım ki, öz sahəm üzrə fəaliyyət göstərim. Bir müddət əvvəl qızımızın adını daşıyan və keramika məhsulları hazırlayan “Nargis porcelain” müəssisəsini yaratdıq.” - deyə, Mahirə Xəlilova qeyd edir.
Onun sözlərinə görə, müəssisədə müxtəlif sahələr üzrə rəssamlar, heykəltəraşlar, modelçilər çalışır:
“Texnoloji məsələləri isə həyat yoldaşımla birgə həll edirik. Bütün məhsullar sıfırdan hazırlanır və proseslər müəssisə daxilində həyata keçirilir. İlk növbədə cizgilər hazırlanır, gələcək əl işlərinin modelləri yaradılır. Sonra xammal qəlibə tökülür, rənglənir və bişirmək üçün sobaya yerləşdirilir”.
“Nargis porcelain” əsasən milli üslubda müxtəlif suvenirlər hazırlayır. Belə məhsulların üzərində xalça, kəlağayı naxışlarından istifadəyə üstünlük verilir.
Keramika sənəti barədə danışan sənətkarın sözlərinə görə, çirkli, yəni gil, palçıqla bağlı olsa da, bu sahəni çox sevir:
“Bu sənət əl əməyindən asılıdır – sən öz əllərinlə gələcək məhsulu hazırlayır, müxtəlif formaya salırsan, belə desək, yaradıcı kimi çıxış edirsən. Qızım Nərgizin də bu işi davam etdirməsi, dərindən öyrənməsini istərdim”.
Qeyd edək ki, Mahirə Xəlilovanın əl işləri “ABAD” sərgi-satış mərkəzlərində təqdim olunur.