ABADçı: Natalya Zeynalova | Region: Bakı | Bədii gəlinciklər
İxtisasca dizayner olan “ABAD”çının milli üslubda hazırladığı suvenirlər bir neçə mərhələdən keçir.
Əvvəlcə onların milli üz cizgilərini əks etdirən formaları, daha sonra isə müəyyən dövrə aid olduğunu göstərən geyimləri hazırlanır.
Natalya xanım deyir ki, milli gəlinciklər üçün paltarların hazırlanması Azərbaycan tarixi üzrə mükəmməl biliklərin olmasını tələb edir.
Bu, tarixin müəyyən dövrlərində Azərbaycanda hansı geyim növlərinin yayıldığını bilməyə əsas verir.
Əvvəllər “ABAD”çı sənətkar öz məhsullarını ən müxtəlif ölkələrdən gətirilmiş suvenirlərin də yer aldığı mağazalarda satışa çıxarıb. O, həmçinin sifariş əsasında da işləyib.
Lakin artıq bu gün Natalya xanımın zərif əl işləri yalnız Azərbaycan sənətkarlarının əl işlərinin sərgi-satışa çıxarıldığı “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.
“ABAD”a qoşulduqdan sonra gəlirlərinin artması Natalya xanımı digər şəxsləri də bu ailə biznesinə cəlb etməyə həvəsləndirib və o, ilk olaraq sənətin sirlərini doğma bacısına öyrətməyə başlayıb.