ABADçı: Yelfira Səfərova | Region: Bakı | Toxuculuq
“ABAD”dan dəstək alan toxuculardan biri də Yelfira Səfərlidir. 12 yaşından başlayaraq “hər günə bir toxunma iş” şüarını həyat tərzinə çevirən Yelfira xanım ilmə vurmağı anasından öyrənib:
“Anam bu işdə həvəskar idi, mən də ondan öyrənib özümü illər ərzində peşakar səviyyəyə çatdırdım. Amma heç bir zaman bu işdən özümə mənfəət qazanmağı düşünməmişdim. Hədiyyə verirdim, yaxınlarımın istəyi ilə nələrsə toxuyurdum, amma kiçik biznes kimi heç ağlıma da gəlməzdi”.
Lakin Yelfira Səfərli ABADçı oldu. Bu əməkdaşlıqda Yelfira xanımın kürəkəni böyük rol oynayıb:
“Kürəkənim xəbərim olmadan qeydiyyatdan keçib. Bir müddət sonra mənimlə əlaqə saxlanıldı ki, sizi ofisə görüş üçün dəvət edirik. Ofis evimin yanında olduğuna görə maraq üçün getdim. Orada olan ab-hava o qədər zövqümü oxşadı ki, ABADçı sıralarına daxil olaraq özümü sınamağa qərar verdim”.
Bir ildən çoxdur ki, Yelfira xanımın əl işləri “ABAD” etno-butiklərində satışa çıxarılır. Əl işləri arasında rəğbəti daha çox toxuduğu cizgi filmlərinin qəhramanları qazanır. Yelfira xanım özü də artıq tanınır, bir çox sərgilərdə iştirak edir, şəxsi sifarişlər də qəbul edir:
“Ən sevdiyim iş təqaüdçü vaxtımda mənə gözləmədiyim anda gəlir gətirdi. Toxumağı çox sevirəm, mənə yemək, içki verməyin, bir iplik, mil, qarmaq, sayğac verin. Bu məni xoşbəxt etməyə kifayət edir. “ABAD”a da çox təşəkkür edirəm ki, mənim bu əyləncəli hobbimi dəyərləndirdi və sahibkar olmağım üçün dəstək verdi”.