"ABAD" beneficiary: Nağı Nağıyev | Region: Ganja | Pottery and ceramics
Nağı Nağıyev deyir ki, öz əl işlərində dahi Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alır.
Sənətkarın təqdim etdiyi əl işlərinin üzərində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi poemalardan götürülmüş müxtəlif obrazlara rast gəlmək olar.
Sənətkarın sözlərinə görə, o, miniatür sənətini əmisinin emalatxanasında öyrənib və daim bu sahədə peşəkarlığa can atıb:
“1971-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlamışam və bir çox ölkələrdə keçirilən sərgilərdə iştirak edərək medallar ilə təltif olunmuşam”.
Nağı Nağıyev keramika üzərində gözəl miniatüralar yaratsa da, məhsulların hazırlanması üçün xammalların alınmasında çətinliklər və satış bazarının azlığı sənətkara öz peşəsini daha da inkişaf etdirməyə mane olub.
Çalışdığı sahədə yeni bir pilləyə qədəm qoymaq, satış bazarını genişləndirmək üçün sənətkar “ABAD”a müraciət etmək qərarına gəlib.
Ustad sənətkarın müraciəti müsbət cavablandırılıb və beləliklə, “ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrə, vətəndaşlara göstərdiyi dəstək çərçivəsində Nağı Nağıyevin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.
Nağı Nağıyev deyir ki, hazırladıqları əl işlərinin turistlər tərəfindən böyük maraqla qarşılanması, satışların artması, maddi təminatını daha da güclənməsi onu bu sahədə yeni mütəxəssislər hazırlamağa həvəsləndirir.