"ABAD" beneficiary: Ehtiram İbrahimov | Region: Shabran | Painting
Rəssamlığa həvəs göstərən Ehtiram gənc yaşlarından daim özünü təkmilləşdirməyə və sənətkarlıq sahəsində bir yeniliyə imza atmaq arzusu ilə böyüyüb.
Dekorativ-tətbiqi sənətkarlığın müxtəlif növləri arasında taxta üzərində yandırma üsulu ilə rəsmlərin çəkilməsinə üstünlük verən Ehtiram bu sahəni özü üçün əsas peşəyə çevirib.
Bu gün o, qurumuş ağac budaqlarını və köklərini müxtəlif ölçülü dilimlərə doğrayaraq, üzərini xüsusi materialla cilalayır.
Daha sonra o, bu ağac parçaları üzərində müxtəlif rəsmlər çəkir və xüsusi qurğu ilə bu rəsmlərin cigzilərini ağac üzərində yandırır.
Sifarişlərdən asılı olaraq, geniş mövzularda əl işləri hazırlayan Ehtiram özünün ən sevimli mövzusunun kainat və planetlər olduğunu deyir.
O, gələcəkdə fəaliyyətini ağac parçaları üzərində Azərbaycanın tarixi memarlıq abidələrini və mədəniyyətimizin digər nümunələrini çəkərək, unikal suvenirlər hazırlamaq üzərində qurmağı düşünür.
Belə ki, onun əsas məqsədi öz biznesini qurmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə dəstək verməkdir.
Öz nəfis əl işləri ilə “ABAD”a qoşulan sənətkar artıq layihə çərçivəsində bir çox sahələr üzrə dəstək alır.
Onun sözlərinə görə, fəaliyyət göstərdiyi sahədə əsas məsələ satışın təşkil olunmasıdır ki, bu da artıq “ABAD” tərəfindən öz həllini tapıb.
Hazırda Ehtiram İbrahimovun zərif əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.