ABADçı: Ağaməşədi Hüseynov | Region: İsmayıllı | Dəri məhsulları
“ABAD” ilə əməkdaşlıq edən sənətkar ailələrinin ən çox məskunlaşdığı regionlardan biri də İsmayıllı rayonunun Lahıc qəsəbəsidir. Tarixən xalçaçılıq, misgərlik, dabbaqçılığın inkişaf etdiyi Lahıcda bu gün də qədim sənətkarlıq ənənləri yaşadılır. Lahıcdan “ABAD” ilə əməkdaşlıq edən sənətkarlardan biri Ağaməşədi Hüseynov sərracdır.
Xammal kimi təbii dəri, göndən istifadə edən usta Lahıcda əsas nəqliyyat vasitəsi olan atlar üçün yüyən, qırmanc, yəhər, həmçinin müxtəlif dəri və keçə papaqlar hazırlayır.
Lakin sənətkar əl işlərini yalnız yay aylarında, Lahıcda turizm mövsümünün başlaması ilə satışa çıxara bilib.
İşinin mövsümi xarakter daşıması Ağaməşədi Hüseynova ailə biznesini inkişaf etdirmək yolunda əsas maneə olub.
Satış bazarını genişləndirmək, ailə biznesini inkişaf etdirmək məqsədilə Ağaməşədi usta “ABAD” publik hüquqi şəxsə müraciət edib və əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Ata sənəti olan sərraclığı fəxrlə davam etdirən usta qeyd edir:
“Əvvəllər bu sənətin itiriləcəyini, tarixə qovuşacağını düşünürdüm. Lakin bu gün “ABAD”ın dəstəyi həm biznesimizi canlandırmağa, həm də bu sənətə olan marağın artmasına səbəb olub”.
Layihə çərçivəsində Ağaməşədi ustanın qarşılaşdığı daşınma və satışın təşkili kimi məsələlər həll olunub.
Onun hazırladığı əl işləri “ABAD”ın təsis etdiyi sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.