ABADçı: Ceyhun Nuriyev | Region: Şamaxı | Təbii bal
Artıq 30 ildir ki, bu sahə ilə məşğul olan C.Nuriyev ulu babalarından tutmuş atası, əmisi, dayısı və s. yaxınlarından balın faydaları, incəlikləri haqqında biliklər alıb , xəstələrin şəfası üçün xüsusi bal reseptlərini öyrənib:
“Yaşadığımız məkan elə bir zəngin təbiətə malikdir ki, buranın balı keyfiyyətsiz, dadsız ola bilməz. Mənim balım çox tünddür. Bu da öz növbəsində balın keyfiyyətli olmasından xəbər verir”.
Ceyhun bəyin dediyinə görə, Qaladərəsininin bütün balları tərkibi ilə seçilir, çünki bura meşələr, sıldırımlı qayalar, çaylar, bulaqlar, çəmənliklər diyarıdır: “Çəmənliyin, qayaların, dağların və meşələrin otu hamısı ayrıdır. Bax həmən bu müxtəlif bitkilərin, ağacların pöhrələrindən, çiçəklərindən yığılan nektar qarışığı bizim bala təkrarolunmaz tam verir”.
“ABAD”ın və Qlobal Ətraf Mühit Fondu ilə birgə BMT-nin İnkişaf Proqramı “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” layihəsi çərçivəsində Ceyhun Nuriyev ABADçı ailələri siyahısına qoşulub. 10-12 arı ailəsi ilə öz brendini yaradan Ceyhun bəyin artıq 60-70 arı ailəsi var və onun istehsal etdiyi bal brendinə “Kəhraba” adı verilib:
“Babam həmişə deyərdi ki, balı bazara aparmazlar, alıcı özü yanına gələr. Düzdü mənim balıma sifarişlər İstanbuldan tutmuş Abu Dabiyədək gəlir. Amma mən babamla razı deyiləm. “ABAD”ın sayəsində mənim balımın keyfiyyəti yoxlanıldı və artıq dövlət səviyyəsində, sənədli şəkildə onun keyfiyyəti sübüt olundu. Mən də respublikamız üzrə bir peşəkar balçı kimi artıq tanınmağa başladım. Kəhrəba rəngində olan eyni adlı balım şəhərin ən iri supermarketlərdə satışa çıxarıldı, bu da mənim üçün böyük bir fəxr hissidir”.
Qeyd edək ki, “Kəhraba” bal brendi “ABAD” satış mərkəzləri və “Bravo” marketlər şəbəkəsində təqdim olunur.