ABADçı: Yegənə Nuriyeva | Region: Bakı | Dekorativ - tətbiqi sənət
ABADçı Yegənə Nuriyeva Bakı şəhəri sakinidir. 1 nömrəli Tibb Texnikomunun və Bakı Slavyan Universitetinin məzunudur.
Hər iki təhsili üzrə işləyib, lakin uşaqlıqdan bəri ən sevdiyi iş nənəsindən öyrəndiyi dekorativ işləmələr olub.
"Nənəm evdarlıq işlərinin hamısını çox gözəl bacarırdı, evin, geyimlərin bəzədilməsi isə onda fitri istedad idi. Mən də ona baxıb həmişə onun kimi əl qabilliyətimin olmasını istəyirdim. Yavaş-yavaş nənəm mənə bütün sirlərini açdı".
Yeganə xanımın dediyinə görə onun öz işlərinin arasında ən sevdiyi əl işi növü broşlardır. Elə kiçik biznesinə də broşların satışı ilə başlamaq qərarına gəlib:
"Biliklərimi təkmilləşdirməyə başladım. Artıq evdar qadın idim və internetdən, müxtəlif jurnallardan yeni texnikalar öyrənməyə başladım. İndi broşlarımın hazırlanmasında fetr, kristal, müxtəlif daşlar, tikmə və rəngbərəng saplardan istifadə edirəm".
ABADçımızın dediyinə görə, kiçik biznesini onlayn sifarişlər üzrə qurub, lakin sifarişlərin sayı bir o qədər də qənaətbəxş olmayıb:
"Tək məhsul ilə istehlakçı qüvvəsinin rəğbətini qazanmaq çətindir. Buna görə də, "ABAD" və onun bizlərə verdiyi dəstək əvəzolunmazdır. Artıq mənə işləmək çox rahatdır. Müştərilərlə birbaşa əlaqəyə keçmirəm, buna vaxt itirmirəm, satışlarım da gedir. Çox məmnunam. İndi özümə daha böyük məqsədlər qoymuşam. Məqsədim yeni texnikalar, yeni dizaynlar icad etməkdir. Düşünürəm ki, məqsədimə "ABAD"la birgə çatacam".
Qeyd edək ki, Yeganə Nuriyevanın əl işləri "ABAD" etno-butiklərində təqdim olunur.