ABADçı: Sayalı Salamova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Sənətkarlar sülaləsinin davamçısı olmaq özü də bir fəxrdir. 1991-ci
il təvəllüdlü Sayalı Salamova da bu hisslə bilavasitə tanışdır. “ABAD”çımızın
anası Yeganə Salamova Şəkidə tanınmış əl işi sənətkarıdır.
“Anam, bacım və mən qədim təkəlduz tikmə sənətı ilə məşquluq.
Anamın əl işlərinə rayonda hər kəs bələddir. O, Azərbaycanda ilk qadın "Təkəlduz
" ustası olan Möhtərəm xanımın tələbəsi olub. Möhtərəm xanımdan əvvəl isə Təkəlduz sənəti
ilə yalnız kişilər məşğul olurdu. Dövlət tərəfindən də anamın sənəti yüksək
qiymətləndirilib və onun üçün xüsusi emalatxana ayrılıb. Prezidentimiz şəxsən o
emalatxananı da ziyarət edərək, anamın əl işləri ilə yaxından tanış olub. Mən də
10 yaşımdan anamın yanında bu sənətə maraq göstərməyə başladım. O, məndə bu
marağı sezdi və daha ciddi məşqul olmağımı təmin etdi. Artıq 20 ildir ki, bu sənətlə
nəfəs alıram. İlk işlərimdən Xan Sarayının divar rəsmləri və Nizami Gəncəvinin əsərlərindən
səhnələrin təsviri olub. Tariximizin zövqlə işlənmiş inciləri, tarixi abidələrin
divar rəsmləri, xalçalarımız və s. zövqümün formalaşmasında böyük rol oynayıb.”
Sayalı Salamova Azərbaycan Dövlət Aqrar Universitetinin
"Dizayn" fakültesini fərqlənmə ilə bitirmiş məzunudur. Və artıq 10 illik
təcrübəsi zamanı bir çox sərgi və müsabiqələrdə iştirak edir.
“Şəkidə 2010 -cu ildə sərgi təskil olunurdu. Sərginin nəticəsin
olaraq ən yaxşı əsərlər seçilib Bakı Muzey Mərkəzində sərgilənəcəkdi. İki ay
vaxtım qalmışdı. Bu müddət ərzində dörd əsər hazırlaya bildim, gecə-günduz işləyərək.
Onlardan üçü bəyənilərək l Respublika dekorativ-tətbiqi sənət festivalında sərgilənməyə
şərait qazandı. Sonra II Respublika dekorativ-tətbiqi sənət festivalinda
iştirak etdim və fəxri fərmana layiq görüldüm.
Daha sonra "Qədim Azərbaycan müasir gənclərin gözü ilə" adlı
Art Festivalda diplomla təltif edildim. Və adını çəkmədiyim bir çox sərgilərdə
iştirak etmişəm.”
S.Salmanova hazırda paytaxt Bakı sakinidir. Ailəlidir. Həyat
yoldaşı da rəssamdır:
“Həyat yoldaşımın rəssam olmağı və sənətimin dərinliklərinə
agah olmağı mənə bu sənəti davam etməkdə böyük təkan oldu. Həmçinin qaynanam da
məşhur “ABAD”çı-rəssam Elmira Hacıyevadır. Əlbəttə, sənətimin inkişafında hər
iki ailəmin üzərimdə rolu böyükdür, lakin “ABAD”çı olmaqda ən çox qaynanama
minnətdaram.”
“ABAD”dan Sayalı Salmanovanın əl işləri yalnız anasının emalatxanasında
satılırdısa, Bakıya köçdükdən sonra məhsullarının logistikası mövzusunda çətinliklər
çəkdi.
“ABAD" vasitəsilə
"Qarabağ" mövzusunda əl işlərimin bütün dünyaya tanıtmaq məqsədi ilə
yerli və xarici turistlərə satılmasını istədim. Qəbul etdikləri üçün çox
sevindim və çox təşəkkür edirəm. “ABAD”a qoşulduqdan sonra evdar xanım üçün nə
qədər şərait yaratdıqlarını gördüm. “ABAD” sənətkarların əl işlərinə xüsusi
qayğı və yüksək dəyərlə yanaşır. Yüksək səviyyədə olan təqdimat isə lap könlümü
fəth etdi. ”
“ABAD” etno-butiklərində Sayalı xanımın ipək saplarla
tikdiyi Azərbaycana məxsus milli ornamentli işlərə xarici turistler böyük maraq
göstərir, böyük zövq ile əldə edirlər. Bundan başqa “ABAD”çımızın əl işlərinin
bir qismi bir çox sərgi və yarmarkalarda da satışa çıxarılır. Dediyinə görə, sərgilərdə
fəxri fərmanlara layiq görülmüş işlərini satmır, onların mənəvi dəyəri heç bir maddi
tərəfini əvəzləyə bilmədiyini vurğulayır:
“Sərgilərin birində bir İtalyan dekorativ-tətbiqi sənət üzrə
mütəxəssis işimin qarşısında dayandı və soruşdu:
– Bu işi siz işləmisiz?
– Bəli.
– Bunu neçəyə satarsız?
(müəyyən məbləğ dedim..)
– (gülümsəyərək) O zaman bunu siz işləməmisiniz…
Mən biraz qəribə oldum və ardıyca dedi...
– Bunun hər ilməsində səbr və sevgi var qiyməti isə
yoxdur... Həmin anda bir daha əmin oldum,
necə möhtəşəm bir sənətlə məşğul oluram...”
Gələcək planlarından da söz açan sənətkar “ABAD”ın dəstəyi
ilə Azərbaycana məxsus qədim sənət incilərinin, Qarabağdakı uğurlarımızı əsərlərinə
həkk edərək, bütün dünyaya tanıdamaq olduğunu qeyd etdi:
“Əsərlərimin nəinki ölkə daxili, hətta ölkəmizdən kənarda da
sərgilənməsini istəyirəm və bunun üçün hər zaman çalışımağa hazıram.”