ABADçı: Aygün Nağıyeva | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Aygün Nağıyeva Bakı şəhəri sakinidir. Uşaq yaşlarından incəsənətə
marağı olan Aygün xanım ixtisasca
İngilis dili müəlliməsidir.
“Dekorariv-tətbiqi xalq sənətkarlığına maraq övladlarımın
idman uğurlarından qaynaqlanıb. Oğlum karate üzrə Dünya və Avropa çempionudur. İlk
olaraq yarışa gedərkən öz köynəyimin üzərində Azərbaycan bayrağını kristallarla
bəzəmişdim və bu da hər kəsin marağına səbəb olmuşdu. Daha sonra tədricən bu
işlərimi tablolar üzərində etməyə başladım.”
A.Nağıyevanın elə ilk əl işləri sərgidə nümayiş etdirilərək,
nominasiyalar üzrə 1-ci və 2-ci yerlərə layiq görüldü. 2018-ci ildə “İlin Rəssamı”
adına laiq görülüb. Və, dediyinə görə, hər bir uğur ona yeni əsərlər yaratmağa
motivasiya edir.
“Ən böyük uğurlarımdan biri Türkiyə cumhurbaşkanı sayın Rəcəb
Tayyib Ərdoğanla protokol əsasında iki dəfə görüşüm və Azərbaycanı təmsil edən bir
rəssam olaraq əl işlərimi ona hədiyyə verməyim olub. 2021-ci il noyabır ayının
25-i Rəssamlar İttifaqında Kəlbəcərin işğaldan azad olunmasının birinci ildönümünə
həsr olunmuş “Qarabağa ithaf” adlı fərdi yaradıcılıq sərgimi də uğur hesab edirəm. Əlbəttə, dekorativ-tətbiqi sənət rəssamı olaraq bu məni çox qürurlandırdı. Mənim əsərlərim
həm də təbliğat rolunu oynayır.”
Aygün Nağıyeva onu da qeyd edir ki, o, Azərbaycanın milli dəyərlərini
və tarixini əsərlərində əks etdirərək onları həm yaşatmaq, həm də təbliğ etməyə
çalışır. Bu yönümdə, məsələn, Qarabağ xalçaçılıq məktəbinə aid olan xalça
motivlərini kristallara düzəldib hədiyyəlik suvenir kimi hazırlayıb.
“Bu həm yenilik, həm də fərqlilik. Bildiyiniz kimi xrustal
şüşələrdən qaşlar dəyərli olduğu üçün ərsəyə gətirdiyim əsərlərin qiyməti də
yüksək olur. Bu səbəbdən düşündüm ki, mütləq satışlar həyata keçirim ki, yeni əl
işləri yaratmağa imkanım olsun. İlk başda fiziki şəxs olaraq fəaliyyətə
başladım və ətrafımdakı insanlar mənə sifariş verərək dəstək oldular. Bundan
sonra işlərimi daha geniş şəkildə və dövlət qurumları vasitəsilə həyata keçirmək
üçün “ABAD”a müraciət etdim. Onlarda öz növbəsində işlərimi bəyənərək mənə dəstək
oldular.”
Aygün Nağıyevanın ən böyük arzusu isə Qarabağ kolleksiyasının
Şuşa şəhərində sərgisini keçirməkdir:
“Ümid edirəm Qarabağa ziyarət edəcək hər bir turistin bu
kollekiyaya marağı sonsuz olacaq və oradan bir xatirə olaraq öz evlərinin,
ofislərinin bir guşəsində qoruyub saxlayacaqlar.”