ABADçı: Sevil Əmiraslanova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Sevil Əmiraslanova memarlar ailəsində doğulub və ixtisasca da memardır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dizayner ixtisası üzrə magistr dərəcəsinədək yüksəlib. Hazırda da dizayner-memar kimi çalışır. Sənətə, rəsssamlığa həvəsi isə hələ məktəb vaxtlarında yaranıb. Bir neçə fərdi sərgiləri də təşkil olunub.
Sevil xanımın dediyinə görə gərgin iş qrafikinin olmasına baxmayaraq, rəsm əsərləri yaratmaq onun ən sevdiyi məşğuliyyətdir:
“Rəsmlərimdə daha çox tarixi abidələrimizi əks etdirməyi sevirəm. Lakin “ABAD”a qoşulduqdan sonra alıcıların istəklərini nəzərə alaraq daha çox suvenir yönümlü məhsullar üzərində işləyirəm”.
S.Əmiraslanovanın ən çox satılan məhsullarından biri məhz maqnitlərdir. O maqnitlərin üzərində Azərbaycanı təsvir edəcək simvollardan istifadə edir. Məsələn, Qubanın ağ alması, xalça ornamentləri, Qarabağ atları, memarlıq abidələri və s. bunlardan bəziləridir.
“Azərbaycan ordusunun mübarizliyinin nəticəsi olan Lələ Təpənin aprel döyüşləri zamanı qaytarılmasını yaşatmaq və hər yerdə təbliğ etməyi özümə borc bildim. Mənim “Cocuq Mərcanlı” adlı maqnitlərim yerli əhali arasında favorit seçilib”.
Gələcək planlarından danışan Sevil Əmiraslanova onu da qeyd edib ki, “ABAD” ın sayəsində keramika sənəti Azərbaycanda daha da sevilməyə başladı, və onun istəklərindən biri də keramika sənətini öyrənib daha da gözəl əl işləri yaratmaqdır.