ABADçı: Fikrət Mehdiyev | Region: Bakı | Ağac üzərində oyma
Qarabağ qazisi Fikrət
Mehdiyev Ağdam rayonunda anadan olub. İxtisasca inşaatçıdır. Müharibədən öncə ixtisası üzrə
çalışırdı. Lakin müharibə zamanı fiziki sağlamlığını itirən Fikrət Mehdiyev məcburiyyətdən
başqa sahədə də özünü sınamalı oldu:
“Əlillərin və Şəhid Ailələrinin Sona müəssəsində
çalışmağa başladım. Uniformalar və digər xüsusi geyimlər tikməyi öyrəndim. Günlərin
bir günü əl işləri sərgisinə dəvət aldıq. Orada iranlı bir əlilin suvenirlərini
gördüm və aldım. Daha sonra onu hədiyyə apardım. Hədiyyə verdiyim insan o qədər
bəyəndi ki, məndən yenə bu məhsuldan əldə etməyimi istədi, lakin o iranlı sənətkarın
heç bir əlaqəsi qalmamışdı. Nə qədər emalatxana gəzdim, sənətkarlara müraciət
etdim, o cür suvenir hazırlaya bilmədilər. Bu zaman qərar aldım ki, nə olursa
olsun özüm o suvenirdən düzəldəcəm. İlk nüsxə əlbəttdə ki, qənaət bəxş etmədi,
daha çox işlədim və son variantı yenidən o şəxsə apardım. Mənim üçün çox böyük
qürur hissi idi ki, o insan yeni suveniri digərindən daha da üstün saydı. O
gündən bu günədək taxta oyma işləri mənim çörək ağacım oldu”.
Dekorativ tətbiqi xalq sənətkarlarını bir araya yığan "ABAD" publik hüquqi şəxs yaradılandan sonra F. Mehdiyev də bu quruma qoşuldu. ABADçı ən çox korporativ hədiyyələr üçün xüsusi bəzədilmiş qutular hazırlayır. Bu qutularda olan hədiyyələr bir çox qurumlar tərəfindən ən yüksək xarici və yerli qonaqlara təqdim edilir.