Şamaxı rayonunun Meysəri kəndində Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilib. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
“ABAD” publik hüquqi şəxs festivalda ABADçıların istehsalı olan “AVEY” və digər şərabları ilə, həmçinin müxtəlif çeşiddə olan pendirləri ilə təmsil olunub.
Bundan başqa, festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlərlə yadda qalıb.