Sentyabrın 12-də “Bulvar Hotel Baku”da II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisi öz işinə başlayıb.
Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə həyata keçirilir.
“ABAD” publik hüquqi şəxs artıq 2-ci ildir ki “Gift & Promo Fair” sərgisində iştirak edir. Burada ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri, əl işləri, suvenirlər, aksessuarlar, zərgərlik və keramika məmulatları, tekstil, oyuncaqlar və müəllif kuklaları sərgilənir.
Qeyd edək ki, sərgi sentyabrın 14-dək davam edəcək. Sərgi müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, defilelər, işgüzar və əyləncə proqramlardan ibarətdir.
Onu da nəzərinizə çatdıraq ki, "ABAD"ın sərgidə iştirakı "Paşa Holdinq"in dəstəyi ilə baş tutub.