13 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisi çərçivəsində “ABAD” stendi ilə tanış olub.
Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Artıq 2-ci ildir ki, "Paşa Holdinq"ın dəstəyi ilə “ABAD” publik hüquqi şəxs “Gift & Promo Fair” sərgisində iştirak edir. Burada ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri, əl işləri, suvenirlər, aksessuarlar, zərgərlik və keramika məmulatları, tekstil, oyuncaqlar və müəllif kuklaları sərgilənir.
14 sentyabr tarixinədək davam edəcək sərgi müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, dəfilələr, işgüzar və əyləncə proqramlardan ibarətdir.