18 sentyabr tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan-Tacikistan Aqrobiznes Forumu çərçivəsində Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri və sahibkarlar Azərbaycanda bir sıra istehsalat müəssisələrinin iş prosesi ilə tanış olublar.
Nümayəndə heyəti həmçinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olub.
Bildirilib ki, ümumi sahəsi 1500 kvadrat metrədək olan müasir istehsalat kompleksində ABADçılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərirlər. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir. İstehsalat Kompleksi ilə yanaşı, qonaqlara “ABAD”ın yaranma tarixi və sosial innovasiyalar sahəsində kiçik sahibkarlığa dəstək modeli olaraq ümumi fəaliyyəti haqqında da ətraflı məlumat verilib.
Qeyd edək ki, “Paşa Holdinq”in dəstəyi ilə qurulan Quba “ABAD Factory” İstehsalat Kompleksinin açılışı 11 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.